Azərbaycanda məmurlar harada və necə dincəlir? - Araşdırma

Onlar pullarını harada və necə xərcləyirlər?

 

Əslində burada yeni heç nə yoxdur. Əksəriyyətimiz yaxşı bilirik ki, bizdə bəzi məmurlar işləməkdən çox istirahət, əyləncə ilə məşğul olurlar.

 

Təbii ki, hər bir kəsin dincəlmək, əylənmək, idmanla məşğul olmaq haqqı var. Amma ölkədə həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik baxımından gərgin bir dövrdə hakimiyyəti idarə etməli olan adamların günlərini əyləncə mərkəzlərində keçirmələri heç bir məntiqə sığmır. Heç şübhəsiz, məmur olmaq asan məsələ deyil, çünki bir çox vəzifə öhdəlikləri var, onları yerinə yetirmək üçün gərgin iş rejimində çalışmaq gərəkdir. Kim bu qaydalara uyğunlaşa bilmirsə, təbii ki, onun tutduğu vəzifədən istefa vermək hüququ var. Bunu etmədən iş-gücü atıb bahalı turist səfərləri ilə, istirahət və əyləncə ilə məşğul olmağın nəticəsidir ki, ölkədə əksər sahələrdə arzuolunan vəziyyətin şahidi olmuruq.

 

Əcəba, məmurlar bütün günü kefdə-damaqdadırsa, bəs onlar nə zaman işləyirlər? Yəqin ki, işləmirlər. İşləsəydilər, Azərbaycanda bu qədər çoxsaylı problemlər ortaya çıxmaz, vətəndaşlar məmurlardan ölkə rəhbərliyinə şikayətçi düşməzdilər.

 

İndi isə gələk mövzumuzun əsas hissəsinə. Bu dəfə sizə Azərbaycanın bəzi məmurlarının istirahət, əyləncə üçün üz tutduqları dünya ölkələrinə. Hansı ki, onlar burada külli miqdarda pullar xərcləyirlər.

 

Mövzu ilə bağlı məlumatlı olan mənbənin deməsinə görə, bizdə bir çox məmurların ən sevimli şəhərlərindən üçü Fransada yerləşir. Həm də bütün dünyada turistlər üçün ən bahalı şəhər sayılan Fransanın paytaxtı Parisdə olmaq məmurlarımızın bəzilərinin ən sevimli arzusudur. Adi bir turist üçün Parisdə olmaq bir sutka ərzində turistə 303,99 avroya başa gəlir. Məbləğin böyük hissəsi otelə ödənilir. Belə ki, romantikanın paytaxtı olan Parisdə 4 ulduzlu oteldə qalmağın orta qiyməti 255 avrodur. Bizim burada istirahət, əyləncə məqsədi ilə olan bəzi məmurlarımız isə bahalı otellərdə qalır, ən məşhur restoranlarda qonaq olur. Deməli, onların adi turistlərlə müqayisədə gündəlik istirahət, əyləncə xərçi bir neçə dəfə də artır.

 

Nitsa (adi turist üçün gündəlik xərc 203,08 avro) və Bordoda (200,28 avro) da tez-tez məmurlarımızın istirahətdə olduqları bildirilir.

 

İtaliyanın Venetsiya, İngiltərənin London şəhərləri də Azərbaycanın bəzi məmurlarının ən sevimli şəhərləri siyahısındadır. Bu şəhərlərdə sıradan bir turistin ən minimal şərtlərlə gündəlik xərci 200 avro arasındadırsa, onda bizim bəzi vəzifəlilərimizin gözqamaşdırıcı istirahət, unudulmaz əyləncələr naminə bir sutka ərzində nə qədər pulun başından keçdiyini söyləmək yəqin artıq olardı.

 

Mənbəmiz bəzi məmurlar arasında Çexiya paytaxtı Praqanın da çox populyar olduğunu bildirir. Doğrudur, Praqa adi turistlər üçün elə də bahalı şəhər sayılmır. Onlar günü 124,07 avroya Praqada qona qola bilərlər. Amma bunun bizim məmurlara dəxli olduğunu düşünmək çox çətindir. Çünki onlar adi turistlərin şərtləri ilə Praqaya gəlmirlər, hər yerdə olduğu kimi burada da komfort, cazibədarlıq, gözqamaşdırıcılıq arxasınca qaçır, nəticədə adi turistdən 3-5 dəfə artıq pul xərcləyirlər. Düzdür, bu xərclər bizim üçün əlçatmaz görünür. Amma bəzi məmurlarımız üçün o pul el təbirincə desək, «semiçka pulu» kimi bir şeydir.

 

Yeri gəlmişkən, mənbəmiz Avropada ən ucuz şəhərlər kimi göstərilən İtaliyanın Palermo (adi turist üçün gündəlik xərc 130,3), Bolonya (132,64) və Neapol (135,32) şəhərlərinin nədənsə məmurlarımızın maraq dairəsinə düşmədiklərini qeyd edirlər. Bilmirik, bu onların əyləncə zövqü ilə bağlıdır, yoxsa həmin şəhərlərin dünyada adlarının «ucuz» çıxması ilə. Axı məmurlarımız «ucuz ətin şorbası olmadığına» inananlardandırlar və yalnız yüksək qiymətlərlə həyatın dadını çıxarmağın mümkünlüyünə inanırlar. Necə deyərlər, «varlığa nə darlıq?!»

 

Yeri gəlmişkən, bir maraqlı məqama da diqqət çəkək: dünyada turistlər üçün ən ucuz şəhər Bankonq (sıradan turistlər üçün gündəlik xərc 78,89 avro) sayılır. Bu siyahıda həmçinin 84,63 avro ilə Pekin, 90,34 avro ilə Şarm Əl Şeyx, 94,41 avro ilə Kuala Lumpur və Dubay (108,7) var.

 

Mənbəmiz deyir ki, həmin şəhərlərə də turist səfərləri ucuz olsa da, onlara bizim məmurlarımız tez-tez yollanırlar. Onları burada cəlb edən gecə həyatının rəngarəngliyi, istənilən cür əyləncələrə açıq olması, xüsusilə kazinoların meydan sulamasıdır. Hətta bəzi məmurlarımızın adıçəkilən şəhərlərdə bizneslərinin olduğuna dair də iddialar var.

 

Qaynağımız məmurların yay istirahətində Türkiyənin Antalya və Bodrum şəhərlərinə, Baham adalarına və s. səfərlərinin artdığını da deyərək maraqlı bir iddia səsləndirir: «Bəzi bilgilərimə söykənərək əminliklə deyərəm ki, bir çox məmurların xarici ölkələrə bir həftəlik tətil səfərləri 40-50 min dollardan ucuz başa gəlmir. Bura onların əyləncələri ilə bərabər, geri qayıdarkən yaxınlarına bahalı hədiyyələr alması da daxildir. Ailə üzvləri ilə keçirilən tətillər zamanı isə elə məmurlar tapılır ki, 10-15 günlük tətilə görə 100 min dollardan çox pul xərcləyirlər».

 

Mənbənin sözlərinə görə, dəfələrlə olub ki, xaricdəki azərbaycanlılar hansısa məmurumuzun onların yaşadığı şəhərə səfəri zamanı bahalı alış-veriş mərkəzlərinə üz tutduqlarını, burada geyimlərdən tutmuş, ətriyyatlara, nadir əşyalara ətək-ətək pullar tökdüklərinə gözləri ilə şahid olublar.

 

Əlbəttə, əslində bəzi vəzifəlilərimizin belə fantastik tətilləri, turist, istirahət səfərləri bizi o qədər də maraqlandırmazdı. Amma nəzərə alsaq ki, onlar başqa vaxt sadəcə, vəzifə maaşları ilə yaşadıqlarını iddia edirlər. Di gəl ki, yuxarıda yazılanları oxuduqca bu qədər vəsaiti necə, hardan əldə etdikləri ilə maraqlanmamaq olmur. Axı bütün bunlardan sonra onların heç vaxt rüşvət almadıqlarına, korrupsiyaya bulaşmadıqlarına sadə vətəndaşlar niyə və necə inanmalıdırlar?

 

Üstəlik, əhalinin böyük hissəsinin yoxsulluq şəraitində yaşadığı bir vaxtda bəzi məmurların komforta, dəbdəbəli həyata, əyləncələrə, çoxlu pullar xərclədikləri turist, tətil səfərlərinə həvəsi haqlı olaraq qıcıq yaradır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
13650 dəfə oxundu
 
XƏBƏR LENTİ

Köşə
İtirilən gənclik
Elman ABBASOV   ...
Azərbaycansayağı seks
Gunel MÖVLUD   ...
Onlar getdi, sən də get…
Sən də get… Azər BAĞIR   ...